Məzmuna keç
OkTAXOkTAX
Menyu

Gömrük bəyannamələri

OkTAX gömrük bəyannamələrinizi e.customs.gov.az portalından çəkir, kompüterinizdə saxlayır və hər idxal bəyannaməsini xarici təchizatçıya etdiyiniz bank köçürmələri ilə tutuşdurur. Bu fəsildə bəyannamələrin çəkilməsini, bağlanışı və ödənilməmiş bəyannamələrə nəzarəti öyrənəcəksiniz.

Bəyannamələri çəkmək

  1. Yuxarı zolaqda «Gömrüyə daxil ol» düyməsini basın.
  2. Brauzer pəncərəsi açılır. Asan İmza ilə daxil olun və girişi telefonunuzda təsdiqləyin. Şirkət seçdiyiniz sertifikatın VÖEN-indən müəyyən olunur.
  3. Bəyannamələr arxa planda çəkilir. Sonrakı günlərdə «Sinxronla» düyməsi gömrüyü digər mənbələrlə birlikdə yeniləyir.
  4. Sol menyuda «Gömrük bəyanı» bölməsini açın.

Qeyd: Giriş bitənə qədər brauzer pəncərəsini bağlamayın. OkTAX portalda heç nə imzalamır və göndərmir — yalnız oxuyur.

Siyahının üstündə «Sinxronda çəkilən GB növləri» sətri görünür. Növləri dəyişmək üçün həmin sətirdəki «Dəyiş» keçidini basın: «Ayarlar» bölməsinin «Gömrük bəyannamələri» kartı açılır. Lazım olan növləri işarələyin və «Saxla» basın. «Standart» düyməsi 01, 02, 03, 04, 07, 09, 12 növlərini qaytarır.

Əvvəlki gömrük proqramınızın Excel faylı varsa, «Köhnə Excel-dən yüklə» düyməsi ilə onu da arxivə əlavə edə bilərsiniz.

Bəyannamələr siyahısı

«Bəyannamələr» tabında hər bəyannamənin nömrəsi, tarixi, növü, göndərəni, invoys dəyəri, rüsumları və statusu var. «Tarixdən», «Tarixədək», «GB-nin növü», «Status» və axtarış sahəsi ilə siyahını daraldın.

  1. Sətrə klikləyin — sağda bəyannamənin paneli açılır.
  2. Panelin başında sadə dildə yazılıb: bəyannamə hansı köçürmələrlə bağlanıb və nə qalıb.
  3. Aşağıda «Başlıq», «Qrafalar», «Mallar», «Rüsumlar və vergilər» və «Sənədlər» bölmələri var. Endirilmiş sənədi açmaq üçün onun adına klikləyin.
  4. «Bağlanışa bax» düyməsi bu bəyannaməni «Bağlanış» tabında açır.
Bəyannamələr siyahısı və bəyannamənin paneli
Bəyannamələr siyahısı və bəyannamənin paneli

Bağlanış: bəyannamə və bank köçürməsi

«Bağlanış» tabında hər idxal bəyannaməsinin invoys dəyəri xarici təchizatçıya edilən bank köçürmələri ilə tutuşdurulur. Yuxarıdakı çiplər statusa görə süzür:

  • «Bağlanıb» — invoys dəyəri tam ödənilib. Kiçik qəpik fərqi qalıbsa, «qalıq dözümdə» nişanı görünür.
  • «Qismən ödənilib» — ödənişin bir hissəsi bağlanıb, qalığı var.
  • «Gözlənilir» — hələ heç bir ödəniş bağlanmayıb.
  • «Sənəd tələb olunur» — bəyannamə 60 gündən köhnədir və ona uyğun heç bir köçürmə tapılmayıb.

İnvoys dəyərindən çox ödənilibsə, sətirdə «artıq» nişanı çıxır.

Bəyannaməni ödənişlə bağlamaq üçün:

  1. «Bağlanış» tabında sətrə klikləyin. Panel invoys dəyərini, ödənilən məbləği, qalığı və «Bağlanmış ödənişlər» siyahısını göstərir.
  2. «Təklif» sütununda rəqəm varsa, proqram uyğun köçürmə tapıb. Təklif ödənişin panelində təsdiqlənir.
  3. Sol menyuda «Ödənişlər» bölməsini açın və axtarışa GB nömrəsini, məbləği və ya təchizatçının adını yazın.
  4. Köçürməni açın. Panelin başında plan görünür: ödəniş hansı bəyannaməni bağlayır.
  5. «Belə bağla» düyməsini basın. Səhv etsəniz, 5 saniyə ərzində «Geri al» basın.
Bağlanış tabı və bəyannamənin paneli
Bağlanış tabı və bəyannamənin paneli
Ödənişin panelində «Belə bağla»
Ödənişin panelində «Belə bağla»

Təklif yoxdursa, bağlantını əl ilə qurun:

  1. Ödənişin panelində «Qaiməni özüm seçim» basın — «Əl ilə bağla» bölməsinə keçirsiniz.
  2. Siyahıdan «Gömrük bəyannaməsi» seçin və GB nömrəsini yazın.
  3. Tapılan bəyannaməni seçin, «Məbləğ» sahəsini yoxlayın və «Bağla» basın.

Qeyd: Bank komissiyasına görə ödəniş bəyannamədən çox olubsa, «Hədəfin məbləğindən artıq ödənişə icazə ver» işarəsini qoyun.

▶ «Gömrük bəyanı» → «Bağlanış»: bəyannamə bank köçürməsi ilə tutuşdurulur

Ödənilməmiş bəyannamələr

Ödənişi gözlənilən bəyannamələri görmək üçün «Bağlanış» tabında «Sənəd tələb olunur», «Gözlənilir» və «Qismən ödənilib» çiplərindən birini seçin. Cədvəlin altında invoys dəyəri, ödənilən məbləğ və qalıq valyutalar üzrə cəmlənir. Siyahını «Hesabatlar ▾» menyusundan «Bəyannamə ↔ ödəniş bağlanışı» hesabatı kimi də açıb Excel-ə çıxara bilərsiniz.

Avans nəzarəti

«Avans nəzarəti» tabı xarici təchizatçıya qabaqcadan (avans) ödənilmiş pulları izləyir: idxalı təsdiq edən bəyannamə banka nə vaxta qədər təqdim olunmalıdır.

  1. Yuxarıdakı plitələrə baxın: «Açıq avans qalığı», «Müddəti keçib» və «10 000 USD həddi».
  2. «Status» süzgəcində «Müddət yaxınlaşır» və ya «Gecikib» seçin.
  3. Sətrə klikləyin — ödənişin paneli açılır və onu bəyannaməyə bağlaya bilərsiniz.

Müddəti və xəbərdarlıq günlərini «Ayarlar» bölməsinin «Üzləşmə və avans nəzarəti» kartında dəyişə bilərsiniz (standart: 730 gün; xəbərdarlıq 30, 14 və 7 gün qalmış).

Avans nəzarəti
Avans nəzarəti

Diqqət: Müddətlər Mərkəzi Bankın qaydalarına əsaslanır, amma proqramın nəticəsi hüquqi rəy deyil, xəbərdarlıqdır. Qüvvədə olan mətnlə yoxlayın.